| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
81 - ət-Təkvir | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; |
| 2 | Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; |
| 3 | Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; |
| 4 | (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; |
| 5 | Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; |
| 6 | Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; |
| 7 | Ruhlar (bədənlərə) qovuşacağı zaman; |
| 8 | Diri-diri torpağa gömülən körpə qızdan: |
| 9 | "Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman; |
| 10 | Əməl dəftərləri açılacağı zaman; |
| 11 | Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; |
| 12 | Cəhənnəm alovlandırılacağı zaman; |
| 13 | Və Cənnət (mö'minlərə) yaxınlaşdırılacağı zaman; |
| 14 | Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! |
| 15 | And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; |
| 16 | (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə); |
| 17 | Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) |
| 18 | Və sökülməkdə olan dan yerinə ki, |
| 19 | Bu (Qur'an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. |
| 20 | (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). |
| 21 | (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e'tibarlı müvəkkildir. |
| 22 | (Ey Məkkəəhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir! |
| 23 | And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü. |
| 24 | O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir. |
| 25 | O (Qur'an) da məl'un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir. |
| 26 | Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz? |
| 27 | O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. |
| 28 | Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. |
| 29 | (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |
| ReadTheQuran.org | |