| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
80 - Əbəsə | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. |
| 2 | Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. |
| 3 | Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! |
| 4 | Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! |
| 5 | (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, |
| 6 | Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). |
| 7 | Onun (küfrdən) təmizlənməsindən sənə nə?! |
| 8 | Yüyürə-yüyürə sənin yanına gələn |
| 9 | Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, |
| 10 | Sən ondan üz çevirirsən! |
| 11 | Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. |
| 12 | Kim istəsə, ondan öyüd alar. |
| 13 | (Bu Qur'an Allah dərgahında) çox möhtərəm (mö'təbər) səhifələrdə - |
| 14 | (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz). |
| 15 | (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e'tibar edilmişdir). |
| 16 | (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt'idirlər. |
| 17 | Ölsün (kafir) insan! O nə nankordur! |
| 18 | (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı? |
| 19 | (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. |
| 20 | Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. |
| 21 | Sonra onu öldürüb qəbrə qoydu. |
| 22 | Sonra da istədiyi vaxt onu dirildəcəkdir. |
| 23 | Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir. |
| 24 | İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). |
| 25 | Həqiqətən, Biz yağışı bol yağdırdıq. |
| 26 | Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq), |
| 27 | Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; |
| 28 | Üzüm və yonca; |
| 29 | Zeytun və xurma (bağları); |
| 30 | (Ağacları bir-birinə) sarmaşan bağçalar; |
| 31 | (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. |
| 32 | (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür! |
| 33 | Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); |
| 34 | O gün insan qaçacaq öz qardaşından; |
| 35 | Anasından, atasından; |
| 36 | Zövcəsindən və oğullarından! |
| 37 | O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). |
| 38 | O gün bir çox üzlər parlayacaq, |
| 39 | Güləcək, sevinəcəkdir. |
| 40 | O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, |
| 41 | Onları zülmət (yaxud his) bürüyəcəkdir. |
| 42 | Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır! |
| ReadTheQuran.org | |