Çeviriler Sureler
AZERBAIJANI

63 - əl-Munafiqun

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
 
2Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
 
3Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
 
4(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və mö'minlərəəyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
 
5Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
 
6Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
 
7Onlar: "Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.
 
8Onlar: "Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö'minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
 
9Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
 
10Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
 
11Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
 
 
ReadTheQuran.org